20 Yanvar faciəsinə həsr olunmuş açıq dərs Azərbaycan Mərkəzində keçirildi

20 Yanvar faciəsinə həsr olunmuş açıq dərs Azərbaycan Mərkəzində keçirildi

20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri Azərbaycan Mərkəzində (Yessenov Universiteti) keçirildi.

Tədbirdə qonaq qismində qazaxıstanlı tələbələr, Beynəlxalq Münasibətlər və Turizm kafedrasının müəllim heyəti (kafedra dosenti Medixanova Akmaral, baş müəllim Yesetova Gülzira) və Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Bürosunun direktoru Aleksandr Muxa iştirak etmişdilər.

Tədbiri Azərbaycan Mərkəzinin direktoru Orucov İlkin açdı. Orucov İlkin çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixindəki acı bir səhifə olduğunu, bu faciənin xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsinin tərkib hissəsi olduğunu vurğuladı. O, Azərbaycanın müstəqilliyinin qazanılması yolunda verilmiş qurbanların əhəmiyyətini qeyd edərək, bu faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması zəruriliyini bildirdi.

Daha sonra tədbir iştirakçıları 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya hücumu zamanı həlak olmuşların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Dosent Medixanova Akmaral çıxışında Qazaxıstan xalqının 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etdiyini və Azərbaycan xalqının bu ağır itkilərinə şərik olduğunu bildirdi. O, iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğuladı.

Baş müəllim Yesetova Gülzira öz çıxışında 20 Yanvar hadisələrinin tarixi kontekstini təhlil edərək, bu faciənin Azərbaycan xalqının müstəqillik əzmini daha da möhkəmləndirdiyini qeyd etdi. O, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafında təhsil mübadiləsinin mühüm rolunu vurğuladı.

Aleksandr Muxa Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Bürosunun direktoru çıxış edərək, Azərbaycan xalqının 20 Yanvar faciəsi qurbanlarına dərin hüznlərini bildirdi. O, insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğuladı və bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd etdi.

Tədbir 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı. Film hadisələrin təfərrüatlarını göstərərək, faciənin dəhşətini bir daha ortaya qoydu.

Tədbir iştirakçıları Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın gücləndirilməsi və insan hüquqlarının müdafiəsi istiqamətində birgə səylərin vacibliyi barədə fikir mübadiləsi apardılar.