Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Ş.Yessenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetinin nəzdindəki Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru İlkin Orucov çıxış edərək tarixi yaddaşın qorunmasının və gənclərin bu proseslərə cəlb olunmasının vacibliyini vurğulayıb. Belə görüşlərin faciənin beynəlxalq hüquqi və humanitar aspektlərinin dərk edilməsi, gələcək siyasətçilərin və diplomatların analitik düşüncəsinin formalaşması baxımından böyük əhəmiyyət daşıdığını deyib.
Tədbir çərçivəsində Xocalı həqiqətlərini əks etdirən videoçarxlar nümayiş olunub.
Ardınca tələbələrin mövzu üzrə bilik səviyyəsini qiymətləndirmək və fəallığını artırmaq məqsədilə elektron platforma üzərindən intellektual viktorina keçirilib. Yekunda ən yüksək nəticə göstərən, suallara operativ və düzgün cavab verən tələbələr 1-ci, 2-ci və 3-cü dərəcəli diplomlarla təltif ediliblər.





















